Wi-Fi nədir?
“Wi-Fi” (ing. Wireless Fidelity — “simsiz dəqiqlik”) fərdi kompüterlər və mobil qurğular kimi simsiz kommunikasiya qurğularına şəbəkə əlaqəsi yaratmağa imkan verən simsiz şəbəkə texnologiyasıdır . Wi-Fi, radio dalğaları vasitəsilə məlumatları ötürərək, kabellərdən istifadə etmədən internetə qoşulmağa imkan verir.
Wi-Fi şəbəkəsinin tarixi, İctimai Wi-Fi şəbəkəsinin formalaşması
Wi-Fi və ya simsiz internet texnologiyası rəsmi olaraq 1997-ci ildə Elektrik və Elektronika Mühəndisləri İnstitutu (IEEE) 802.11 standartını təqdim etdikdə yaradılmışdır. Bu standart cihazlara yerli şəbəkə (WLAN – Wireless Local Area Network) daxilində simsiz əlaqə yaratmağa imkan verirdi. Üç il sonra, 2000-ci ildə Wi-Fi Alliance tərəfindən “Wi-Fi” adı təqdim olundu.
İctimai Wi-Fi girişinin təmin edilməsi konsepsiyası bir neçə il sonra mobil internetə artan ehtiyacla formalaşdı. İlk ictimai hot-spot-lar, məsələn, kafelərdə və hava limanlarında, 1999-2000-ci illərdə yayılmağa başladı. MobileStar şirkəti, 1999-cu ildən başlayaraq Starbucks kafelərində ilk ictimai Wi-Fi hotspot-larını yaratmağa başladı. 2010-cu illərin ortalarından başlayaraq bəzi böyük şəhərlərdə genişmiqyaslı şəhər Wi-Fi şəbəkələri quruldu. Məsələn, Nyu-York və London kimi şəhərlərdə mərkəzi parklar və ticarət mərkəzlərində pulsuz Wi-Fi-lar quruldu.
* Hot-Spot – simsiz şəbəkə bağlantısı olan bir cihaza internet bağlantısını digər cihazlarla paylaşmağa imkan verən xüsusiyyətdir.
İctimai Wi-Fi nədir?
Wi-Fi şəbəkələri İctimai Wi-Fi və Şəxsi Wi-Fi olmaqla, iki fərqli simsiz şəbəkə növündən ibarətdir.
İctimai Wi-Fi, insanların açıq şəkildə və pulsuz və ya ödəniş qarşılığında internetə qoşula biləcəyi simsiz şəbəkədir. Bu növ Wi-Fi adətən kafe, restoran, otel, hava limanı, kitabxana və park kimi ictimai məkanlarda mövcuddur. İctimai Wi-Fi, hər kəs üçün əlçatan olduğundan, şəbəkə üzərində daha az təhlükəsizlik tədbirləri olur və məlumatların müdaxiləyə məruz qalma riski yüksəkdir.
Şəxsi Wi-Fi , yalnız müəyyən istifadəçilərin qoşula bildiyi, adətən şifrə ilə qorunan və təhlükəsizlik tədbirləri güclü olan simsiz internet şəbəkəsidir. Bu növ Wi-Fi evlərdə, ofislərdə və müəssisələrdə istifadə olunur və sahib tərəfindən idarə edilir. Şəxsi Wi-Fi şəbəkəsi məlumatların təhlükəsizliyini təmin etmək üçün şifrələmə (məsələn, WPA2(Wi-Fi Protected Access 2) və ya WPA3(Wi-Fi Protected Access 3) və şəbəkə idarəetmə vasitələri ilə qorunur.
İctimai Wi-Fi – nin zəiflikləri
Bir çoxumuzun restoranlarda, hotellərdə və digər ictimai yerlərdə maraqlandığımız ilk nüans məkanda “Wi-Fi” şəbəkəsinin olub-olmamasıdır. Bu yerlərdə rahatlıqla internet şəbəkəsinə qoşulub, istifadə edə bilirik. Lakin, “Burada Wi-Fi var ?” sualının yarada biləcəyi təhlükələr var. Bu riskləri anlamaq və məlumatlarınızı qorumaq üçün tədbirlər görmək çox vacibdir.
İctimai Wi-Fi şəbəkələrinin təhlükəsizlik riskləri aşağıdakılardır:
1.Şifrələmənin olmaması və ya zəifliyi
İctimai Wi-Fi şəbəkələrinin əksəriyyəti məlumatların şifrələnməsinə önəm vermir. Restoranlarda və ya digər ictimai yerlərdə olan ictimai Wi-Fi şəbəkələri adətən trafiki şifrələnmir. Təcavüzkarlar eyni giriş nöqtəsinə qoşulmaqla potensial olaraq istifadəçinin şəxsi və ya ödəniş məlumatlarına giriş əldə edə bilər. Bu halda, onlar yalnız “HTTP(ing. HyperText Transfer Prоtocоl” protokolu ilə ötürülən trafikə baxa biləcəklər, çünki “HTTPS (ing. HyperText Transfer Protocol Secure)” protokolundan fərqli olaraq burada istifadəçi ilə sayt arasında məlumat mübadiləsinin şifrələnməsi təmin edilmir. Məsələn, WPA2 (Wi-Fi Protected Access II) şifrələməsi istifadə edilmədikdə, şəbəkədə ötürülən məlumatlar şifrəsiz olur və bu da onları izləmək və oğurlamaq üçün hakerlərə imkan verir.WPA3 (Wi-Fi Protected Access III) kimi daha yeni və güclü şifrələmə standartlarına keçid olmasa da, istifadəçilər böyük risklərlə üzləşirlər. İctimai məkanlarda, şəbəkə bağlantısı yaratmaq üçün heç bir identifikasiya tələb olunmur. Bu, haker üçün eyni şəbəkədə qorunmayan cihazlara maneəsiz giriş əldə etmək üçün inanılmaz fürsət yaradır.
*Verizon Data Breach Investigation Report (2023)*-a görə, məlumat oğurluğu hallarının 50%-dən çoxu zəif şifrələnmiş və ya şifrəsiz Wi-Fi şəbəkələrində baş verir.
2.Saxta giriş nöqtələri: “Saxta giriş nöqtələri” hücumlarıictimai Wi-Fi şəbəkələrində geniş yayılmışdır. Təcavüzkar giriş nöqtələri qanuni görünən, lakin təcavüzkarlar tərəfindən idarə olunan saxta Wi-Fi şəbəkələri qura bilər. Onlar məlumatlarınızı oğurlamağa və cihazınıza giriş əldə etməyə imkan verərək, sizi öz şəbəkələrinə qoşulmağa cəlb edə bilər.
- Zərərli niyyət – Bu şəbəkələr çox vaxt həssas məlumatları oğurlamaq üçün qurulur.İstifadəçilər bu şəbəkələrə qoşulduqda, onların şəxsi məlumatları ələ keçirilə bilər.
- Aldadıcı adlandırma – İstifadəçiləri aldatmaq üçün onların qanuni şəbəkələrə oxşar adları ola bilər.
- Təhlükəsizlik riskləri – Qeyri-qanuni giriş nöqtəsinə qoşulmaq cihazınızı və məlumatlarınızı poza bilər.
*2017-ci ildə İngiltərənin məşhur kafe şəbəkələrindən birində baş verən hücumda*, hakerlər saxta giriş nöqtəsi vasitəsilə yüzlərlə istifadəçinin şəxsiyyət məlumatlarını oğurlamışdılar. İstifadəçilər bu nöqtəyə qoşulduqda, hakerlər real giriş nöqtəsinə vasitəçi rolunu oynayaraq, bütün məlumatları toplayır və onların təhlükəsizliyini təhlükə altına qoyurlar.
3.Ortadakı adam hücumları (Man-in-the-Middle – MITM): Ortadakı adamhücumları ictimai Wi-Fi şəbəkələrində tez-tez baş verir. İctimai Wi-Fi təhlükəsizliyi üçün ən böyük təhlükə təcavüzkarın sizinlə əlaqə nöqtəsi arasında özünü yerləşdirmə qabiliyyətidir. Bu hücum zamanı təcavüzkar, istifadəçi ilə veb-sayt arasında yerləşərək məlumatları ələ keçirir və dəyişdirir. Beləliklə, hot spota birbaşa qoşulmaq əvəzinə, məlumatınızı hakerə göndərirsiniz, o da onu ötürür.
Bu hücum zamanı haker, İnternetdə göndərdiyiniz hər bir məlumatı əldə edə bilər: vacib e-poçtlar, kredit kartı məlumatları və hətta biznes şəbəkəniz üçün təhlükəsizlik etimadnaməsi. Haker bu məlumatı əldə etdikdən sonra, o, sizin kimi sistemlərinizə daxil ola bilər.
İşləmə prinsipi –
- Siz ictimai Wi-Fi şəbəkəsinə qoşulursunuz.
- Təcavüzkar müdaxilə edir
- Təcavüzkar cihazınızla veb sayt arasında əlaqəni kəsir.
- Sizi zərərli vebsaytlara yönləndirir və ya hətta məlumatlarınızı oğurlaya bilir.
2015-ci ildə *Starbucks* şəbəkəsində həyata keçirilən bir Ortadakı adam hücumunda, bir çox müştərinin kredit kartı məlumatları oğurlanmışdı. İstifadəçilər veb-saytlar və ya onlayn banklar vasitəsilə şəxsi məlumatlarını daxil etdikləri zaman bu məlumatlar haker tərəfindən ələ keçirilmişdir.
4.Paket dinləmə və məlumatların ələ keçirilməsi: Dinləmə məlumat paketlərini izləyərək onları analiz etmək üçün istifadə olunan texnikadır. Şəbəkə trafikinin icazəsiz dinlənməsini nəzərdə tutur. Açıq Wi-Fi şəbəkələrində, kiber hücumçular istifadəçilərin göndərdiyi və aldığı məlumatları izləmək üçün paket dinləmə (packet sniffing) proqramlarından istifadə edə bilərlər. Hakerlər parollar, kredit kartı nömrələri və təhlükəsiz ictimai Wi-Fi bağlantısı vasitəsilə göndərilən şəxsi mesajlar kimi həssas məlumatları ələ keçirə bilər.
- İşləmə prinsipi – Hakerlər şəbəkə üzərindən hərəkət edən məlumat paketlərini ələ keçirmək üçün xüsusi vasitələrdən istifadə edirlər.
- Məlumatların tutulması – Tutulduqdan sonra məlumatın şifrəsi açıla və haker tərəfindən əldə edilə bilər.
Ən məşhur və geniş istifadə olunan paket dinləmə proqramları arasında Wireshark, tcpdump, Fiddler, Ettercap yer alır, bunlar şəbəkə trafiki analizi və təhlükəsizliyi üçün effektiv alətlərdir.
Wireshark, şəbəkə trafiki üzərində real zamanlı analiz imkanı verən geniş yayılmış bir alətdir. İstifadəçilərə müxtəlif protokolların paketlərini ələ keçirmək və analiz etmək imkanı yaradır.
- Funksiyası: Detallı paket analizi, protokolların geniş dəstəyi, filtrasiya və analitik qrafiklər.
- Platforma: Windows, macOS və Linux.
tcpdump, komanda xətti üzərindən paket ələ keçirmək üçün istifadə olunan yüngül bir alətdir. Çox sayda məlumatın sürətli analizi üçün ideal seçimdir.
- Funksiyası: Sadə interfeys, avtomatlaşdırma üçün skriptlərlə inteqrasiya imkanı.
- Platforma: Unix/Linux sistemlərində geniş istifadə olunur.
Fiddler, HTTP/HTTPS trafikini analiz etmək üçün istifadə olunan bir proqramdır.
- Funksiyası: HTTP/HTTPS trafikini tutma, analiz etmə və düzəliş etmə imkanları.
- Platforma: Windows, macOS və Linux
Ettercap, LAN-da ortadakı adam hücumları üçün nəzərdə tutulmuş bir alətdir. Eyni zamanda şəbəkə analizi üçün də istifadə olunur.
- Funksiyası: Aktiv və passiv analitik üsullar, protokol analizi, paketlərin manipulyasiyası.
- Platforma: Windows, macOS və Linux.
2018-ci ildə Kaliforniya Universitetinin tələbələri ictimai Wi-Fi şəbəkəsində paket dinləmə hücumu ilə üzləşmişdilər. Bu hücum nəticəsində tələbələrin şəxsi məlumatları, e-poçtları və parolları oğurlandı. Hakerlər xüsusi proqramlardan istifadə edərək şəbəkədəki zəifliyi müəyyənləşdirmiş və tələbələrin məlumatlarını ələ keçirmişdilər.
5.Zərərli Proqramların Yayılması : Hakerlər zərərli proqramları yaymaq və hakerlik cəhdlərini başlamaq üçün ictimai Wi-Fi şəbəkələrindən istifadə edə bilərlər. Onlar yoluxmuş veb saytlar vasitəsilə və ya sisteminizdəki boşluqlardan istifadə etməklə cihazınıza zərərli proqram təminatı quraşdıra bilərlər.
Zərərli Proqram Növü | Təsviri | İctimai Wi-Fi-ya Təsiri |
Viruslar | Fayllara zərər verən və məlumatları oğurlayan proqramlar. Sistemləri yavaşlada, faylları silə və özünü təkrarlaya bilərlər. | İctimai Wi-Fi vasitəsilə yoluxmuş fayllar vasitəsilə yayıla bilər. |
Troyanlar | Faydalı proqram kimi görünür, lakin zərərli məqsədlər üçün istifadə olunur. | İcazəsiz giriş əldə edərək məlumatları oğurlaya və digər zərərli proqramları qura bilər. |
Soxulcanlar | Özünü çoxaldaraq şəbəkələr vasitəsilə sürətlə yayılan zərərli proqramlar | Şəbəkə resurslarını tükədərək performansı zəiflədir. |
Casus Proqramlar (Spyware) | Onlayn fəaliyyətləri gizli şəkildə izləyən və şəxsi məlumatları oğurlayan proqramlar. | Həssas məlumatları (parollar, bank məlumatları) ələ keçirə bilər. |
Fidyə Proqramları (Ransomware) | Məlumatları şifrələyən və onun buraxılması üçün ödəniş tələb edən zərərli proqram. | İctimai Wi-Fi vasitəsilə bağlantı zamanı istifadəçiləri məlumatlarını ələ keçirə bilər. |
Reklam Proqramları (Adware) | İcazəsiz reklamlar göstərən və istifadəçi fəaliyyətini izləyən proqramlar. | Gizlilik probleminə yol aça bilər və daha zərərli proqramların quraşdırılmasına səbəb ola bilər. |
Arxa Qapı | Hücumçulara uzaqdan sistemə giriş imkanı verən proqramlar. | İctimai Wi-Fi şəbəkələri üzərindən icazəsiz giriş imkanı təqdim edir. |
Bu cür risklərin qarşısını almaq üçün aşağıdakı tədbirlərə riayət etmək tövsiyə olunur:
1.Şəbəkələrə avtomatik qoşulmaqdan imtina edin
Cihazı istifadə etmədiyiniz zaman Wi-Fi bağlantısını söndürün. Cihazınınızın şəbəkələrə avtomatik qoşulma funksiyasını deaktiv edin (bunu adətən Wi-Fi parametrlərində edilə bilərsiniz). İctimai Wi-Fi şəbəkələrindən istifadəni bitirən kimi onları mövcud şəbəkələr siyahısından silin (“unudun -forget”).
2.Giriş nöqtələrinin adlarını yoxlayın
Mövcud giriş nöqtələrinin siyahısını diqqətlə öyrənin, adlarını işarələrlə müqayisə edin, sizə tanış gələn ilk şəbəkəyə qoşulmayın. Səlahiyyətli şəbəkənin adını və şifrəsini iki dəfə yoxlayın. Səhv söz sırası, hərfləri oxşar rəqəmlərlə əvəz etmək, əlavə dəyişikliklər saxta şəbəkəni müəyyən etməyə kömək edə bilər.
3.Fayl Paylaşımını və Airdrop-u söndürün
Cihazlarınızda asan və mürəkkəb olmayan fayl paylaşımına imkan verən hər hansı funksiyanı söndürmək vacibdir. Bunu etməklə, hakerlərin və kibercinayətkarların sizə hər hansı arzuolunmaz faylları göndərməsini və ya sizin fayllarınızı ələ keçirməsini dayandıracaqsınız və bu, məlumatlarınızı qorumaq üçün vacib bir addımdır.
4.İctimai Wi-Fi şəbəkələrində şəxsi məlumatları, o cümlədən loginləri və parolları daxil etməyin
Bu, ictimai Wi-Fi şəbəkələrindən istifadə edərkən ən vacib qaydadır. İctimai Wi-Fi şəbəkələrinə məruz qalan veb səhifələrə istifadəçi adları, e-poçt ünvanları və parollar kimi şəxsi məlumatları daxil etməkdən çəkinin. Belə bir şəbəkə sındırılıbsa, haker asanlıqla bulud xidmətlərində saxlanılan yazışmalarınıza və ya fayllarınıza daxil olmaq üçün istifadə edərək, bu məlumat və ya kukilərə giriş əldə edə bilər.
5.Şəxsiyyətinizi təsdiqləməyin
Bəzən təşkilatlar, bank qurumları və onlayn xidmətlər sizdən ictimai Wi-Fi şəbəkələri üzərindən şəxsiyyətinizi təsdiq etməyi tələb edə bilər. Məsələn, xaricdəsinizsə və hər hansı sosial şəbəkə proqramına daxil olmağa cəhd etsəniz, o, sizdən pasport şəklini və ya oxşar hərəkətləri tələb edə bilər. Bu standart təhlükəsizlik tədbiridir, lakin şəxsiyyətinizi ictimai Wi-Fi-da yox, şəxsi şəbəkələrdə yoxlamaq daha yaxşıdır.
6.İki mərhələli autentifikasiyadan istifadə edin
İki faktorlu autentifikasiya (2FA) əlavə təhlükəsizlik təbəqəsi təmin edir. Bu üsulla, bir şifrə yetərli olmur; əlavə doğrulama kodu tələb olunur, bu da hakerlərin hesabınıza girişini çətinləşdirir.
7.İctimai Wi-Fi şəbəkələri üzərindən ödəniş təfərrüatlarını təqdim etməyin
Alış-veriş etmək lazımdırsa, mobil İnternet vasitəsilə smartfondan istifadə etmək və ya telefonunuzda giriş nöqtəsi yaratmaq və dizüstü kompüterinizi ona qoşmaq daha yaxşıdır.
8.VPN (virtual şəxsi şəbəkə) istifadə edin
VPN, ictimai Wi-Fi şəbəkələrində məlumatları şifrələyərək təhlükəsizliyi təmin edən ən effektiv vasitələrdən biridir. VPN, istifadəçilərin şəbəkə üzərindən ötürdükləri məlumatları şifrələyir və onları hakerlərdən qoruyur. Bir haker özünü əlaqənizin ortasında yerləşdirməyi bacarsa belə, buradakı məlumatlar güclü şəkildə şifrələnəcək. Ən çox istifadə olunan VPN protokolları bunlardır:
- PPTP (Point-to-Point Tunneling Protocol)
- Köhnə və daha az təhlükəsiz bir protokoldur. Həmçinin sürətli işləyir, lakin müasir təhlükəsizlik standartlarına cavab vermir.
- L2TP/IPSec (Layer 2 Tunneling Protocol with Internet Protocol Security)
- PPTP-dən daha təhlükəsizdir, çünki IPSec ilə birləşdirilərək məlumatların şifrələnməsini təmin edir. Performans bir qədər aşağı ola bilər, çünki şifrələmə prosesi daha çox resurs tələb edir.
- OpenVPN
- Ən təhlükəsiz və açıq mənbə protokoldur. Həm UDP, həm də TCP üzərindən işləyə bilər. Müxtəlif əməliyyat sistemləri və cihazlarla uyğun gəlir və yüksək səviyyəli şifrələmə təklif edir.
- IKEv2/IPSec (Internet Key Exchange version 2 with IPSec)
- Mobil cihazlar üçün xüsusilə əlverişlidir, çünki bir şəbəkədən digərinə keçid zamanı sabit bağlantını qoruyur. Eyni zamanda sürət və təhlükəsizlik arasında yaxşı balans təmin edir.
- WireGuard
- Son dövrlərdə populyarlaşan, sürətli və təhlükəsiz bir VPN protokoludur. OpenVPN-ə nisbətən daha sadə və effektiv kod strukturu var və həmçinin daha yaxşı performans göstərir.
Düzgün VPN seçmək çox vacibdir, çünki bəzi xidmətlər istənilən onlayn hücumdan təhlükəsiz qalmaq üçün lazım olan eyni səviyyəli şifrələmə və qoruma təmin etmir. NordVPN, ExpressVPN və ya SurfShark kimi premium VPN xidmətlərindən istifadə edin, çünki onlar məlumatlarınızın heç birinin sızmamasını təmin etmək üçün misilsiz şifrələmə və təhlükəsizlik təklif edən provayderlərdir.
9. SSL (Secure Sockets Layer) bağlantılarından istifadə edin
Şifrələnmiş əlaqə qurmaq üçün SSL ilə təmin olunan veb-saytlardan istifadə etmək doğru seçimdir.SSL veb server və brauzer arasında şifrələnmiş əlaqə yaratmaq üçün istifadə olunan təhlükəsizlik protokoludur. Bu, parollar, kredit kartı nömrələri və şəxsi məlumatlar kimi həssas məlumatların ötürülməsini qorumaq üçün xüsusi əhəmiyyət daşıyır. Tez-tez ziyarət etdiyiniz və ya bir növ etimadnaməsini daxil etməyinizi tələb edən vebsaytlarda “Həmişə HTTPS-dən istifadə edin” seçimini aktiv edin.
SSL sertifikatına sahib veb-saytları nece müəyyən edə bilərik ?
URL-nin başlanğıcı: Veb-saytın ünvanı “https://” ilə başlayırsa, bu, həmin saytın SSL sertifikatına sahib olduğunu göstərir. “http://” ilə başlayan saytlarda isə SSL sertifikatı olmur.
Qıfıl ikonu: Brauzerinizin ünvan çubuğunda saytın ünvanının sol tərəfində qıfıl ikonu (kilid işarəsi) görünür. Bu, saytın SSL sertifikatına sahib olduğunu göstərir. Qıfıl ikonuna klikləsəniz, sertifikat haqqında daha ətraflı məlumat ala bilərsiniz.
Sertifikat detalları: Qıfıl ikonuna klikləyib, “Bağlantı təhlükəsizdir” və ya oxşar bir ifadə görə bilərsiniz. Bu detala daxil olaraq SSL sertifikatının kim tərəfindən verildiyini və onun bitmə tarixini öyrənə bilərsiniz.
*Google*-un son məlumatlarına görə, HTTPS protokolundan istifadə edən veb-saytların sayı son illərdə əhəmiyyətli dərəcədə artmışdır və bu da internetdə məlumatların təhlükəsizliyini təmin edir.
10.Güclü parollardan istifadə edin
İctimai Wi-Fi şəbəkələrində istifadə edilən xidmətlərdə güclü və fərqli parollardan istifadə etmək tövsiyə olunur. Bu, hakerlərin istifadəçinin hesablarını sındırmasının qarşısını alır.
11.Firewall və Antivirus proqramlarını aktiv saxlayın
Cihazınızın təhlükəsizliyini təmin etmək üçün antivirus proqramından istifadə edin və firewall-u aktiv saxlayın. Bu, kənar hücumlardan və zərərli proqramlardan qorunmağınıza kömək edəcək.
İctimai Wi-Fi şəbəkələrində təhlükəsizliyi təmin etmək üçün aşağıdakı məşhur antivirus proqramları tövsiyə olunur:
- Kaspersky – VPN xidməti və Wi-Fi təhlükəsizlik skanı ilə ictimai şəbəkələrdə güclü qorunma təmin edir.
- Bitdefender – Şəbəkə təhlükəsizliyi və şifrələmə funksiyaları ilə güclü müdafiə edir.
- Avast – İctimai Wi-Fi istifadə edənlər üçün əlavə qoruma funksiyaları təklif edir və pulsuz versiyası var.
- Norton – Geniş təhlükəsizlik tədbirləri və VPN xidməti ilə mükəmməl seçimdir.
Lakin, bu zəifliklərdən fərqli olaraq, ictimai Wi-Fi-nın bir sıra üstün xüsusiyyətləri də vardır:
- Əlçatanlıq: Hər kəs üçün açıqdır, istifadəçilərə şəxsi şəbəkəyə və ya abunəliyə ehtiyac duymadan əlaqə saxlamağa imkan verir. Bu da istifadəçilərin internetə tez və asan bir şəkildə qoşulmalarını təmin edir.
- Məkan əsaslı olmaq: İnsanların yolda olarkən internetə çıxışa ehtiyacı ola biləcəyi yüksək trafikli ərazilərdə mövcuddur. Bu, xüsusilə yol gedərkən, kafelərdə və ictimai yerlərdə internetə ehtiyac duyan insanlar üçün əlverişlidir.
- İqtisadi səmərəlilik: İctimai Wi-Fi şəbəkələri, istifadəçilərə internetə pulsuz daxil olma imkanı yaradır, bu da onların mobil data xərclərini azaltmalarına kömək edir. Bu xüsusiyyət, ictimai yerlərdə müştəri cəlb etmək üçün də istifadə olunur.
- Sosial əlaqələr, rahatlıq: İctimai Wi-Fi şəbəkələri, istifadəçilərin bir-biri ilə əlaqə qurmasına və məlumat paylaşmasına imkan yaradır. Bu, sosial medianın aktiv istifadəsinə, xəbər mübadiləsinə və ictimaiyyətlə daha yaxşı əlaqəyə gətirib çıxarır .
- İş imkanı: İctimai Wi-Fi, işgüzar insanlara işlərini həyata keçirmək, e-poçtlarını yoxlamaq və layihələri idarə etmək üçün rahatlıq təmin edir. Bu, xüsusilə səyahət edənlər üçün əhəmiyyətlidir.
İctimai Wi-Fi şəbəkələrindən istifadə edərkən, təhlükəsizlik risklərini dərk etmək və müvafiq tədbirlər görmək vacibdir. Ehtiyatlı yanaşma və düzgün təhlükəsizlik tədbirləri ilə ictimai Wi-Fi şəbəkələrindən daha təhlükəsiz şəkildə istifadə etmək mümkündür.Bunun üçün, ictimai Wi-Fi istifadə etdiyiniz zaman məqalədə qeyd olunmuş təhlükəsizlik qaydalarına əməl etməyiniz tövsiyə olunur.