MikroTik Hotspot

MikroTik Hotspot quraşdırılması | Anar Muradzadə

Salam. Bu gün WinBox interfeysi vasitəsilə MikroTik üzərində Hotspot xidmətinin sıfırdan addım-addım quraşdırılmasına baxacağıq.

Hotspot xidməti istifadəçiləri internetə qoşularkən xüsusi avtorizasiya səhifəsinə yönləndirmək və yalnız identifikasiyadan keçdikdən sonra onlara internetə çıxış vermək üçün istifadə olunur.

MikroTik Hotspot quraşdırılması addımları

İlk öncə WinBox-da IP > Addresses bölməsinə daxil olub routerin qoşulduğu porta yeni IP ünvanı təyin edirik. Məsələn: 192.168.50.1/24

Interface hissəsində isə Access Point-in qoşulacağı portu seçirik. Buradakı 192.168.50.1 ünvanı MikroTik-in Gateway-i olacaq. Qonaq şəbəkəsinə qoşulan cihazlar internetə çıxarkən məhz bu Gateway-dən istifadə edəcəklər.

Növbəti mərhələdə həmin port üçün DHCP Server yaradırıq. Bunu yenə WinBox üzərindən IP > DHCP Server > DHCP Setup bölməsinə girərək edirik və Interface olaraq bayaq qeyd etdiyimiz portu seçirik.

Quraşdırma zamanı MikroTik bizdən şəbəkə, Gateway, IP Pool, DNS və digər parametrləri tələb edəcək. Məsələn, Gateway 192.168.50.1 olacaq və istifadəçilərə 192.168.50.10 – 192.168.50.254 aralığında IP paylanacaq. Beləliklə, Wi-Fi-a qoşulan telefon, kompüter və ya digər cihazlar IP ünvanını əllə daxil etmədən, avtomatik olaraq MikroTik-dən alacaqlar.

Bundan sonra Access Point-in öz admin panelinə daxil oluruq. Burada ən vacib məqam Access Point-i birbaşa MikroTik-ə qoşmazdan əvvəl onun LAN parametrlərini tənzimləməkdir. Məsələn, Access Point-in zavod IP-si 192.168.1.1 ola bilər. Amma biz 192.168.50.0/24 şəbəkəsini qurduğumuz üçün Access Point-in LAN IP-sini də bu şəbəkəyə uyğunlaşdırırıq.

Məsələn:

  • MikroTik: 192.168.50.1
  • Access Point: 192.168.50.2
  • Subnet Mask: 255.255.255.0

Buradakı 192.168.50.2 ünvanı Access Point-in idarəetmə IP-si olacaq. Sonradan cihazın admin panelinə daxil olmaq lazım gəldikdə bu IP-dən istifadə edə biləcəyik. Bu IP-ni DHCP Pool-dan kənarda saxlamaq daha məqsədəuyğundur. Çünki DHCP diapazonu 192.168.50.10-dan başladığı üçün 192.168.50.2 ünvanı heç bir istifadəçiyə avtomatik verilməyəcək.

LAN IP-ni dəyişdikdən sonra Access Point-in DHCP Server funksiyasını söndürürük. Səbəbi çox sadədir: şəbəkədə IP-ləri yalnız MikroTik paylamalıdır. Əgər həm MikroTik, həm də Access Point DHCP Server kimi işləyərsə, şəbəkədə iki cihaz IP paylamağa başlayacaq. Nəticədə bəzi cihazlar MikroTik-dən, bəziləri isə Access Point-dən IP və Gateway alacaq ki, bu da bağlantı xətalarına gətirib çıxaracaq.

Daha sonra Access Point-in Operation Mode, Working Mode və ya buna oxşar menyusuna daxil oluruq. Cihazın modelindən asılı olaraq burada Access Point Mode, AP Mode və ya Bridge Mode seçimləri ola bilər. Biz burada Access Point Mode rejimini seçirik.

Bu rejimdə cihaz artıq klassik router kimi çalışmır, yəni NAT və DHCP kimi router funksiyalarını dayandırır. Bu işləri MikroTik icra edəcək. Access Point-in əsas vəzifəsi isə MikroTik-dən gələn şəbəkəni Wi-Fi vasitəsilə ətrafa yaymaq olacaq.

Daha sonra Wi-Fi parametrlərini tənzimləyirik. Wireless / Wi-Fi Settings bölməsindən SSID-ni, yəni Wi-Fi adını təyin edirik. Məsələn: Guest-WiFi

Burada Wi-Fi-ı açıq saxlamaq doğru deyil. Təhlükəsizlik üçün Wi-Fi şəbəkəsinə ayrıca WPA2 (və ya cihaz dəstəkləyirsə WPA3) parolu qoyuruq. Bu sistemdə iki ayrı giriş pilləsi olacaq:

Wi-Fi parolu — istifadəçinin Wi-Fi şəbəkəsinə qoşulmasını qoruyur.

Hotspot login — istifadəçinin internetə çıxışına nəzarət edir.

Yəni Hotspot Wi-Fi parolunu əvəz etmir, sadəcə əlavə bir autentifikasiya mərhələsi yaradır.

Access Point-in LAN IP-si dəyişdirildikdən, DHCP söndürüldükdən və cihaz AP rejiminə keçirildikdən sonra fiziki qoşulmanı həyata keçiririk. MikroTik-in portundan gələn kabeli Access Point-in WAN portuna deyil, LAN portlarından birinə taxırıq. Çünki Access Point artıq router kimi işləməyəcək, MikroTik-dən gələn şəbəkəni LAN portundan qəbul edib Wi-Fi olaraq yayacaq.

Yenidən WinBox-a qayıdıb IP > Hotspot bölməsinə daxil oluruq və Hotspot Setup seçirik. Burada Hotspot-un işləyəcəyi interfeysi seçirik. Çünki qonaq şəbəkəsi məhz bu port üzərində qurulub və 192.168.50.1/24 IP-si də həmin porta verilib.

Setup zamanı qarşımıza müxtəlif seçimlər çıxacaq. Burada əsas məsələ DHCP ilə Hotspot-u qarışdırmamaqdır. Biz artıq DHCP Server yaratmışıq və IP-ləri o paylayır, buna görə də Hotspot-u ayrıca IP paylayan sistem kimi istifadə etmirik.

Sonra Hotspot Server Profile bölməsinə daxil oluruq. Burada DNS Name təyin edə bilərik. Məsələn: login.guest. Bu ad Hotspot login səhifəsinin ünvanı kimi istifadə olunacaq.

Authentication bölməsində istifadəçinin Hotspot-a necə daxil olacağını müəyyənləşdiririk. Məsələn:

  • HTTP PAP
  • HTTP CHAP

aktiv edilə bilər.

PAP daha sadə autentifikasiya üsuludur, CHAP isə challenge-response mexanizmindən istifadə edən daha təhlükəsiz yoldur. Hansının seçiləcəyi sistemin tələblərindən asılıdır.

Burada Cookie seçimi də var. Cookie-ni aktiv etdikdə MikroTik uğurla login olan istifadəçini müəyyən müddət yadda saxlayır. Məsələn, istifadəçi bir dəfə username və password ilə daxil olduqdan sonra cookie müddəti bitənədək hər dəfə yenidən login olmağa ehtiyac qalmır. Qonaq şəbəkəsində cookie müddətini çox uzun tutmaq əvəzinə daha qısa vaxt seçmək məqsədəuyğundur, beləliklə istifadəçi sessiyalarına daha yaxşı nəzarət edə bilərik.

Sonda sistem necə işləyəcək?

İstifadəçi əvvəlcə Guest-WiFi şəbəkəsini görür və Wi-Fi parolunu daxil edərək şəbəkəyə qoşulur.

Qoşulduqdan sonra cihaz MikroTik-in DHCP Serverindən avtomatik olaraq IP alır. Məsələn:

  • IP: 192.168.50.15
  • Gateway: 192.168.50.1

İstifadəçi internetə daxil olmaq istəyəndə MikroTik Hotspot sistemi onu login səhifəsinə yönləndirir. İstifadəçi username və password daxil edir. Məlumatlar doğru olduqda MikroTik internetə çıxışa icazə verir.

Bu strukturda əsas işi MikroTik görür. IP paylanması, Gateway, DHCP, Hotspot və firewall MikroTik tərəfindən idarə olunur. Access Point isə sadəcə həmin şəbəkəni Wi-Fi şəklində istifadəçilərə yaymaqla məşğul olur.

Göründüyü kimi, ilk baxışda mürəkkəb gələn bu proses məntiqini anladıqdan sonra cəmi bir neçə dəqiqəlik işdir. Əsas odur ki, MikroTik və Access Point-in rolu şəbəkədə dəqiq bölünsün.

Ümid edirəm ki, bu təlimat Hotspot xidmətini rahatlıqla qurmağınıza kömək edəcək. Uğurlu konfiqurasiyalar!

Daha çox texniki məqalə üçün ana səhifəmizə keçid edə bilərsiniz.

Məqalə ilə bağlı hər hansı sualınız olarsa, rəy bölməsində bölüşə və ya [nrmrdzd@gmail.com] vasitəsilə mənimlə əlaqə saxlaya bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *